Zülfəli İmaməli oğlu İbrahimov 5 dekabr 1910-cu ildə Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdır. 1935-ci ildə Ümumittifaq Jurnalistlər İnstitutunu bitirmişdir. Bakıda bir sıra qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır. 1936/37-ci dərs ilindən pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Kafedranın ilk müdiri təyin edilmişdir. 1941-ci ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə professor elmi adı almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında “Qızıl Əsgər” qəzetinin məsul redaktoru işləmişdir. 1948-ci ildə ADU-nun Tarix fakültəsinin dekanı seçilmişdir. 1960-cı ilə kimi universitetdə həm kafedra müdiri, həm də Azərbaycan tarixi və SSRİ tarixi kafedralarının professoru vəzifələrində çalışmışdır. 1960-1967-ci illərdə AEA-nın Tarix İnstitutunun direktoru, 1967-1972-ci illərdə Universitetin Azərbaycan tarixi kafedrasının müdiri vəzifələrində işləmişdir. Elmi rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. AEA-nın nəzdində Elmi Əlaqələndirmə Şurasının sədri, İctimai elmlər üzrə birləşmiş redaksiya-nəşriyyat Şurasının, İctimai elmlər üzrə birləşmiş müdafiə elmi şurasının, tarix bölməsi üzrə müdafiə Elmi Şurasının, BDU-nun və Tarix fakültəsi Elmi Şuralarının üzvü olmuşdur. 300-ə qədər elmi məqalə və əsərlərin müəllifidir. “Oktyabr inqilabı”, “Şərəf nişanı” ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
ZÜLFƏLİ İMAMƏLİ OĞLU İBRAHİMOV (1910-1972)

ZÜLFƏLİ İMAMƏLİ OĞLU İBRAHİMOV (1910-1972)
BDU-nun Azərbaycan tarixi kafedrasının qurucusu və ilk müdiri (1941, 1967-1972)