Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982). Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003).
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil almış, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunmuş və həmin ildə ona general-mayor rütbəsi təqdim edilmişdir.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmiş və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlı olmuşdur. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorboçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoymuşdur. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşmüş, elə həmin ildə Azərbaycan SSR xalq deputatı vəNaxçıvan MSSR xalq deputatı seçilmişdir. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilmiş və 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev oktyabrın 10-da andiçmə mərasimində xalqa müraciət edərək demişdir: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Heydər Əliyev 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
- Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə (1971, 1973, 1976, 1979, 1983), Qırmızı Ulduz ordeni ilə (1962), çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983), həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür. Həmçinin, o, xarici ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, nüfuzlu televiziya kanallarından biri – «Nərgiz TV»nin apardığı rəy sorğusuna görə planetimizin siyasi xadimləri arasında «Dünyada ilin adamı» fəxri adına (1997), «İpək Yolu Fondu»nun təsis etdiyi «İpək yolu Xidmət Mükafatı»na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), BDU-nun, həmçinin müxtəlif ölkələrin universitetlərinin Fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüşdür. Dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə Heydər Əliyev «Qızıl fortuna» Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı – «Qızıl Ulduz» ilə təltif olunmuşdur (2001).
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) Memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini basa çatdırmağa imkan verməmişdir. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlamış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin, istiqamətlərinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Nəticədə, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunvericiliyə ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykök əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür.
Nəticədə, 1970-1980-ci illərin birinci yarısı Respublikanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır.
Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi tərkibində fəaliyyət göstərdiyi dövrdə xalq təsərrüfatına rəhbərliyin bütün sahələrində tükənməz dövlət idarəçiliyi istedadı nümayiş etdirmiş, xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına böyük qayğı göstərmişdir. Heydər Əliyev dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma Respublikanın yalnız SSRİ məkanında deyil, həmçinin bütün dünyada tanınması üçün əlindən gələni etmişdir.
Görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Zəngin, hərtərəfli və dərin tarixi biliyə malik olan Heydər Əliyev tarixin obyektiv araşdırılması, öyrədilməsi və təbliğ olunmasını daim diqqətdə saxlamışdır. Heydər Əliyevin metodoloji göstərişlə XX əsrin tarixini araşdırması, onun ayrı-ayrı dövrlərinə, hadisələrinə, proseslərinə qiymət verməsi gələcəkdə həmin tarixin doğru-düzgün işıqlandırılması üçün çox qiymətli istiqamətverici elmi xəzinə olmuşdur. 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasında, 2000-ci il fevralın 11-də BDU-nun 80 illik yubileyi münasibətilə ziyalılar və elm xadimləri ilə görüşləri zamanı Tarix elmi qarşısında öyrənilməsi və xalqa çatdırılması, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunması üçün əhəmiyyətli, vacib olan tarixi məqamları və tarixi problemləri onlara vəzifə borcu olaraq xatırlatmış, Azərbaycan tarixinin yenidən obyektiv öyrənilməsinin, araşdırılmasının zəruri olduğunu əsaslandırmışdır: “...Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxtlarda onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar... Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir. Bu, tarixdir! “
Heydər Əliyevin nitqlərinə, xalqa müraciətlərinə, fərmanlarının mətninə diqqət yetirsək, XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan tarixinin hər səhifəsinə aid məlumatlarla tanış oluruq. Müxtəlif tarixi hadisələr, proseslər, görkəmli tarixi simalar barədə çıxışları, məruzələri, irəli sürdüyü dövrləşmələr, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası (1997, 18 dekabr) və soyqırımı (1998, 26 mart) haqqında fərmanları, “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” və “31 Mart – azərbaycanlıların soyqırımı günü” münasibətilə Azərbaycan xalqına müraciətləri bunun parlaq nümunələridir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Tarix elmi qarşısında müəyyən etdiyi konkret tələblər, qaldırdığı problemlər əsasında, Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən tədqiqinin proqram kimi əsas götürülməsi nəticəsində konkret problemlər üzrə elmi yeniliklər əldə edilmiş, Rusiyanın Qafqazı və Azərbaycanı işğal etməsi, xanlıqların tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, görkəmli şəxsiyyətlərə obyektiv qiymət verilməsi üçün onların həyat və fəaliyyətləri yenidən tamamilə yeni yanaşma ilə, milli maraqlar əsasında və obyektiv araşdırılmışdır. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası», o cümlədən arxiv sənədləri və fundamental nəşrlər çap olunmuşdur. 2003-cü ildə fəaliyyətə başlayan Ensiklopediyanın redaksiya heyəti Tarix fakültəsində yerləşmişdir. Fakültənin elmi potensialı Respublikanın bütün elmi ictimaiyyəti birlikdə Heydər Əliyevin bu sərəncamını yüksək səviyyədə yerinə yetirmişdir.