İshaq Məmmədrza oğlu Cəfərzadə 1895-ci ildə Gəncədə anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, 1910-1916-cı illərdə altıillik şəhər məktəbində, 1924-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində, 1927-1930-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Tələbə olduğu müddətdə ADU-nun Fəhlə fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildən Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyətinin, Azərbaycanın Qədim Abidələrinin Mühafizə Komitəsinin üzvü, 1926-cı ildən Azərbaycan Dövlət Muzeyinin elmi əməkdaşı olmuşdur. 1933-cü ildən Azərbaycan SSR EA-nın Tarix İnstitutunda işləmiş, 1938-1964-cü illərdə Arxeologiya şöbəsinə başçılıq etmişdir. 1952-1953-cü illərdə Azərbaycan tarixi muzeyinin direktoru olmuşdur. 1944-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə (1924-1926), Örənqala (1934) Gəncə (1938-1940), Abşeron, Səbayıl, Qobustan (1939-1950), və digər arxeoloji-etnoqrafik təcrübələrdə iştirak etmiş, arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olmuşdur. Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır. Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi İ.Cəfərzadənin adı ilə bağlıdır. Azərbaycan ərazisində qədim dövrdə yaşamış qəbilə və tayfaların adət-ənənələrini, həyat tərzini, məşğuliyyətini tədqiq etmişdir. Azərbaycanda arxeologiya və etnoqrafiyanın inkişafında, arxeoloq kadrlarının hazırlanmasında böyük xidmətləri olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.
İSHAQ MƏMMƏDRZA OĞLU CƏFƏRZADƏ (1895-1982)
İSHAQ MƏMMƏDRZA OĞLU CƏFƏRZADƏ (1895-1982)
Əməkdar elm xadimi, Qobustan qaya təsvirlərinin tədqiqatçısı