Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlmişdir. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1942-ci ildə başlamış, Əzizbəyov neft trestində çilingər işləmişdir. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilmişdir. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, Berlinə hücum əməliyyatında iştirak etmişdir. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçmişdir. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləmişdir. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə getmiş və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışmışdır. 1967–1970-ci illərdə Türkiyədə konsul, 1970–1978-ci illərdə Azərbaycan SSR-nin Daxili İşlər naziri vəzifəsində işlmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Alman, ingilis, türk, fars dillərini bilən Arif Heydərov SSRİ-nin "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdur.