SƏİDƏ ƏHMƏD QIZI İMANZADƏ (1910–1992)

SƏİDƏ ƏHMƏD QIZI İMANZADƏ (1910–1992)

SƏİDƏ ƏHMƏD QIZI İMANZADƏ (1910–1992)

Tarix fakültəsinin dekanı (1964)

Səidə Əhməd qızı İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür.

Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılmışdır.

Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini vermişdir. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ olmuşdur. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhqirlər və hədələr gənc Səidəni xalqın balalarına savad vermək kimi şərəfli yoldan çəkindirə bilməmişdir. Onun Əli Bayramov klubundakı fəaliyyəti nəticəsində neçə-neçə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuşdur.

Səidə İmanzadə ilk təhsilinə 1915-ci ildə molla məktəbində başlamışdır. O, 1930-cu ildə sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini artırmaq məqsədilə fəhlə fakültəsinə qəbul edilmişdir. O, 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix və ictimaiyyət fakültəsini bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonrakı bütün şüurlu həyatını müəllimliyə- bu xeyirxah peşəyə sərf etmişdir. Əvvəlcə Pirallahı adasındakı 98 saylı orta məktəbdə, sonradan 21 saylı məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər yüksəlmişdir. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirmiş, Bakı Soveti nəzdindəki "Mədəni yürüş" təşkilatının fəal iştirakçısı olmuşdu. Həmin illərdə S. İmanzadəni qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikada gedən ümumxalq hərəkatının önündə görmək olardı.

1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış və fəaliyyət dairəsi genişlənmişdir. 1942- ci ildə o, görkəmli sənətkarlar Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak etmiş və alovlu nitq söyləmişdir.

Müharibə illərində Səidə İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər..."

1943-cü ildə S.İmanzadə Bakının qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor təyin olunmuş, kadr çatışmazlığı olduğuna görə eyni zamanda, BDU-nun Tarix fakültəsində dərs demişdir. 1946-cı ildən isə o, taleyini universitetlə bağlamışdır.

1941-1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verilmişdir. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edilmişdir. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görülmüşdür.

Hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap etdirmişdir. S.İmanzadənin “Qadınlar cəmiyyətdə və ailədə” (1963), “Qadının- ananın şərəfini yüksəldək” (1967), “İslam dini və qadın məsələsi” (1968), “Azərbaycan qadınları Böyük Vətən müharibəsində”(1969), “Azərbaycan qadınları mədəniyyət cəbhəsində” (1970) kitablarında Azərbaycanda qadın azadlığı uğrunda mübarizə tarixinin çətin, ziddiyyətli, mürəkkəb, həm də şərəfli dövrü zəmanənin siyasi çərçivələrini və qadağalarını, siyasi konyukturasını nəzərə alaraq, mümkün qədər obyektiv işıqlandırılmışdır. Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.

Səidə İmanzadə uzun illər Universitetin Tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir.

Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Səidə xanıma müxtəlif vəzifələr, xüsusilə rəhbər vəzifələr təklif etsə də, təvazökar qadın müəllimliyi bütün vəzifələrdən üstün tutaraq sevimli tələbəsinin təklifilə razılaşmamış, BDU-da pedaqoji fəaliyyətini davam etdirmiş, Bakı Qadınlar Şurasının sədri kimi respublikanın ictimai-siyasi həyatında önəmli rol oynamış, Azərbaycan Qadınlar Şurası sədrinin müavini kimi fəal ictimai iş aparmış, İçərişəhərdəki xalçaçılıq sexində “Ləyaqət”, Əbilov adına mədəniyyət sarayında “İsmət” qadınlar klublarına rəhbərlik etmişdir. 1982-ci ildə təqaüdə çıxsa da BDU-da və Bakı Qadınlar Şurasında fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.

Səidə İmanzadə 1992-ci ilin may ayının 1-də 82 yaşında dünyasını dəyişdi, qəlbində silinməz iz qoyduğu insanlardan, yetirmələrindən ibarət böyük izdihamın müşayiətilə İkinci Fəxri Xiyabanda torpağa tapşırıldır.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət